“Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkiləcək

Prezident-Dede Qorqud-Park-achilishi

Azərbaycan Prezidenti İlham Əliyev “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında Sərəncam imzalayıb. “BizimYAZI” Prezidentin rəsmi saytına istinadən həmin sərəncamı təqdim edir:

“Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində “Kitabi-Dədə Qorqud” özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət “Kitabi-Dədə Qorqud” ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir.

2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən boyların süjet və motivləri əsasında ədəbi əsərlər yazılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 1975-ci ildə “Dədə Qorqud” boylarına həsr olunan iki seriyalı bədii film çəkilmiş, 2000-ci ildə isə abidənin 1300 illik yubileyi UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilmişdir.
“Dədə Qorqud” dastanlarının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkilsin.
2. “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2013-cü il

Oxunma sayı: 137

Leave a Reply